fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

“Bilsəydik CBC oyunu göstərməyəcək, başqa kanallarla danışardıq”

oktyabr 30, 2015 | Medİa
photo
Yaşar Seyidov
Bu gün 1-ci divizionda baş tutan “Bakı” – “Şahdağ” matçı CBC telekanalı ilə yayımlanmalı idi. Bu barədə meydan sahiblərinin icraçı direktoru Yaşar Seyidov məlumat vermişdi. 

- PFL rəhbərliyi ilə danışıqlarımız olmuşdu. Bizə bildirmişdilər ki, oyun canlı nümayiş etdiriləcək. “Bakı” klubu da təbii örtüklü meydançanı tam hazır vəziyyətə gətirərək, bu oyunun ən yüksək səviyyədə təşkilinə səy göstərmişdi. Gördüyünüz kimi, reklam bannerləri də işıqlandırmayla təchiz olunub. Ancaq son anda məlum oldu ki, CBC oyunu yayımlamayacaq. Biz də qərara aldıq ki, təbii örtüklü meydançada ilk ev oyunumuzu məhz canlı yayım zamanı keçirək. 

- CBC rəhbərliyinin oyunu nümayiş etdirmək istəməməsinin səbəbini telekanaldan öyrəndiniz? 
- Xeyr, biz PFL rəhbərliyi ilə əlaqə yaratdıq və məsələnin nə yerdə olduğunu onlara çatdırdıq. 

- Ola bilərmi ki, gələcəkdə başqa telekanallarla əməkdaşlığa başlayasınız? 
- İlk növbədə federasiyanın cavabını öyrənəcəyik. Əgər CBC kanalı 1-ci divizion komandalarının oyunlarını nümayiş etdirməkdə maraqlı olmasa, biz alternativ variantlara əl atacağıq. 

- AFFA və PFL rəhbərliyi ilə yayım məsələsini müzakirə etmək müstəvisini başa düşdük. Bəs CBC-lə birbaşa bu barədə danışmaq niyyətiniz yoxdu? 
- Yayım hüququnu PFL verib. Buna görə də CBC-lə danışıq aparmırıq. Hələ bilmirik ki, CBC 1-ci diviziona maraq göstərir, ya yox. Əgər maraqlı deyillərsə, biz digər telekanallarla danışıq aparacağıq. 

- Yayım məsələsi nə qədər uzana bilər? 
- Növbəti turu səfərdə keçirəcəyik. 9-cu turda isə yenidən öz meydançamızda çıxış edəcəyik. “Turan Tovuz”la görüşədək bütün məsələlərə aydınlıq gətiriləcək. 

- Premyer Liqa komandalarını Klublar Komitəsi birləşdirir. 1-ci divizionda analoji qurum yaratmaq, yaxud digər klublarla teleyayım məsələsini qaldırmaq barədə fikir mübadiləsi aparmamısınız? 
- 1-ci dəstədə çıxış edən klublar infrastruktur baxımından “Bakı”dan xeyli arxada qalırlar. Stadionları belə tələblərə cavab vermir. Eyni zamanda bizim sponsorlarımız var və onlar maraqlıdırlar ki, oyunlarımız TV vasitəsi ilə yayımlansın. Bu da marketinq baxımından təbiidi. Hər halda, məsələni tezliklə həll edəcəyik.

Hazırladı: Ceyhun Əliyev


photo photo