fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

“Bakı” İspaniyaya yola düşən futbolçuları təqdim etdi

noyabr 1, 2013 | Tədbİr
photo
Hafiz Məmmədov

Bu gün “Bakı” Madrid “Atletiko”sunun futbol akademiyasına göndərəcəyi 1999-cu il təvəllüdlü futbolçuları mətbuat nümayəndələrinə təqdim edib. Bir neçə mərhələdən sonra seçilən Süleymanov Ruslan, Adıgözəl Qəlbinur, Rəşid Əliyev, Asim Abdullazadə və Cavid Mikayıllı sabah İspaniyaya yola düşəcək. 

Saat 14.00-da başlayan tədbiri klubun icraçı-direktoru Yaşar Seyidov açaraq qonaqları salamladıqdan sonra layihə haqda fikir bildirmək üçün Gənclər və İdman naziri Azad Rəhimova söz verdi: “Hafiz Məmmədova və “Bakı”ya dəvətə görə çox sağol deyirəm. Bu cənab prezidentimiz İlham Əliyevin “Azərbaycanda futbolun inkişafına dair 2005-15-ci illər dövlət proqramı”na verilən dəstəkdi. Hər kəs inkişaf üçün azyaşlı futbolçuların Avropanın aparıcı futbol akademiyalarına göndərilməsini vacib sayır. Bu da həmin yöndə atılmış əməli addımdı. Hazırda 14 yaşlı futbolçuların ən yaxşıları İspaniyaya yola düşmək üzrədi. Siz orda futbolçu olmaqdan əlavə, Azərbaycanı təmsil edəcəksiz. Odu ki, ölkəmizin tarixi, mədəniyyəti haqda sual verəndə donub qalmamalısız. Eyni zamanda nizam-intizama ciddi riayət etməlisiz. Bir sözlə, tənbəl olmasaz, çox irəli gedəcəksiz. Madrid “Atletiko”su və “Lans”ın formasında 2015-ci ildə ölkəmizdə keçiriləcək Avropa Olimpiya Oyunlarına aid loqonun yerləşdirilməsinə gəlincə, bu Hafiz müəllimin təşəbbüsüdür. O özəl müəssisə sahibidi, istəsəydi, bu təklifi verməzdi. Ancaq ölkəmizin tanıdılması üçün bu niyyətini bildirdi. Hələ ki, möhtəşəm idman tədbirinin loqosu hazırlanır. Noyabrın 23-də təqdim olunacaq loqonu hazırda yerli dizaynerlərdən biri hazırlayır”. 

Ardından AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu söz aldı: “Artıq cənab nazir hər bir vacib məqamı vurğuladı. Ölkə başçısı cənab İlham Əliyevin futbol siyasətinə dəstək olan “Bakı” klubu da bu yöndə layihə gerçəkləşdirir. Sadəcə, İspaniyaya yollanan uşaqlar bu imkandan səmərəli istifadə etməli və Azərbaycan futboluna fayda verməlidi”. 

Daha sonra Madrid “Atletiko”sunun Marketinq və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Emilyo Qutyerres fikirlərini çatdırdı: “Bu tədbir əməkdaşlığımızın tərkib hissəsidi. Buna görə Azad Rəhimova və Hafiz Məmmədova dərin təşəkkürümü bildirirəm. Bu uşaqlar orda nəinki futbol, onun mədəniyyətini də öyrənəcəklər. Akademiyamızın ən güclü komandaları ilə məşq keçib, yaxşı təcrübə qazanacaqlar. Elit komandanın işi ilə tanış olacaqlar. Akademiyanın hər bir futbolçusu əsas komandaya düşməyi hədəfləyir. Sizə də bunu arzulayıram. Çünki bu imkan hər kəsə qismət olmur. Hər cür rəqabətə hazır olmalı və əlinizə düşən imkanlardan layiqincə yararlanmalısız. Orda dil öyrənməklə bərabər, gəzintilərə getmək və “Atletiko”nun oyunlarına baxmaq imkanı qazanacaqsız. Layihənin sonunda uğurunuzu eşidərək, belə tədbirin yenidən keçirilməsini arzu edirəm”. 

Sonda “Bakı”nın prezidenti Hafiz Məmmədov söz aldı: “Bu işləri cənab prezident İlham Əliyevin dəstəyi olmadan həyata keçirmək mümkün deyildi. Biz də belə məsələdə azacıq pay sahibi olmağa çalışırıq. Bu layihənin bünövrəsini Azad Rəhimov qoyub. Həmçinin AFFA prezidenti Rövnəq Abdullayevə və “Atletiko” rəhbərliyinə təşəkkürümüzü bildiririk. Mən bu uşaqlara tövsiyyəmdə bildirdim ki, “Siz ulu öndər Heydər Əliyevin əsgərlərisiz”. İnşallah, onlar Azərbaycanın adını yüksəklərə qaldıracaqlar. “Atletiko” kimi elit klubun təcrübəsindən yararlanmaq qürurvericidi. “Lans” da  Fransanın 2-ci liqasında oynamasına baxmayaraq, köklü klubdu. Bizim bu yöndə “Lans”la da əməkdaşlığımız nəzərdə tutulub. Mən təkcə “Bakı”nın oyunçularına dəstək vermirəm. Digər komandalarda da istedadlı uşaqlar varsa, versinlər, biz onlara hər yöndən dəstək olmağa hazırıq. Bu uşaqların minimum 3 il İspaniyada qalması gözlənilir. Amma yenə də bu onların özünü necə göstərməsindən asılıdı. Üç-dörd ildən sonra Avropa klublarında azərbaycanlı uşaqları görmək istəyirəm. Mən buna inanıram. Üstəlik, 2016-cı ildə ölkəmizdə 17 yaşadək futbolçular arasında Avropa çempionatı təşkil olunacaq. Həmin vaxt bu futbolçular yığmanın əsasını təşkil etməlidi”.




fotoqalereya
photo photo