fcbaku.com official web site of FC Baku

Language:

İnfrastruktur

photo

”Bakı” futbol klubunun təlim-məşq bazası Azərbaycanın paytaxtı Bakı şəhərinin şimal çıxışında yerləşir. 10 hektardan artıq ərazidə futbol meydanları, qapalı idman zalı, 400 nəfərlik futbol akademiyası, inzibati binalar, mətbuat mərkəzi, yardımçı texniki tikililər, hovuz və futbolçuların ixtiyarına verilmiş 4 ulduzlu oteldən ibarət müasir idman kompleksidir. 

2012-ci ildə ”Bakı” futbol klubunun təlim-məşq bazasının ikinci mərhələsinin tikintisi başa çatdırılmışdır. Hazırda, yüksək zövq və beynəlxalq standardlara cavab verən bazada 6 futbol meydanı fəaliyyət göstərir. Bunlardan ikisi qızdırılma sistemi ilə təhciz olunub. Bazanın əsas stadionu yenidən qurularaq 3.000 azarkeş tutumlu modern bir stadiona çevrilmişdir. Yaxın zamanlarda 4.000 azarkeş tutumuna malik qapalı universal idman zalının inşası planlaşdlrılır.

”Bakı” futbol klubu sosial yönümlü layihələrə xüsusi diqqət ayırır. Klubumuz orta təhsil məktəbləri və kimsəsiz uşaqlar üçün yaradılan uşaq evlərinin daimi ziyarətçiləri sırasındadır. Klubumuzun nümayəndələri xalqımız üçün əhəmiyyət daşıyan bayram günlərində uçaq evlərinə səfər edir, doğmalarının nəvazişindən məhrum olan balacaları sevindirirlər. Belə tədbirlər zamanı onlara klubumuz adından hədiyyələr təqdim olunur.

”Bakı” futbol klubu
xüsusi azarkeş prorqramı tərtib edib ki, bu proqrama əsasən, imkansız ailələrin övladları komandalarımızın oyunlarına pulsuz biletlər və klub atributları əldə edirlər. Mövsüm ərzində belə uşaqların sayı 2000 nəfərə çatır.    

Bununla bərabər klubumuz anadangəlmə əlil və bədbəxt hadisələr zamanı əmək fəaliyyətini itirmiş azarkeşlərimiz üçün də təkliflər paketi hazırlayıb. İl ərzində komandalarımızın oyunlarını izləmək niyyətində olan əlillər klub hesabına nəqliyyat vasitəlrəi və biletlərlə təmin olunurlar.

 ”Bakı” futbol klubunun akademiyası da eyni prinsiplər əasasında fəaliyyət göstərir. Akademiyada futbolun sirlərinə yiyələnən gənc futbolçular gün ərzində səhər yeməyi və naharla təmin olunurlar. Ay ərzində klubun pulsuz qidalanma imkanlarından yararlana insanların sayı 10 min nəfəri keçir.

”Bakı” futbol klubunun gənc və yeniyetmələrə, uçaq futboluna ayırdığı diqqət beynəlxalq qurumların da diqqətindən yayınmır. Mənzil qərargahı Cenevrədə (İsveşrə) yerləşən Avropa Klublar Birliyinin (ECA) X Assambleyasında ”Bakı” futbol klubunun akademiyası Avropada 2011-ci ilin ”Ən yüksək nailiyyət” mükafatına layiq görülüb. Fəxri mükafatı klubumuza ECA və ”Bayern” Münhen klubunun prezidenti cənab Karl Haynts Rummenige təqdim edib.

 2012-ci ildə Azərbaycan daha bir dünya səviyyəli idman yarışına ev sahibliyi edib. Söhbət FİFA U-17 qızlar arasında keçirilən dünya çempionatından gedir. FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platininin da diqqtələ izlədiyi bu çempionat yekdil rəyə əsasən, indiyə qədər baş tutan anoloji turnirlər içərisində ən səviyyəli və yüksək təşkilatçılıqla seçilib.

Dünya çempionatında iştirak edən ölkələrin milli komandaları 5 həftə ərzində ”Bakı” futbol klubunun təlim-məşq bazasının meydanlarında məşq ediblər. Fransa, Qana, ABŞ, Almaniya, Şimali Koreya, İsveç, Braziliya, Kanada, Çin, Yaponiya, Meksika, Yeni Zellandiya, Nigeriya, Uruqvay, Kolumbiya, Qambiya kimi ölkələrin milli komandalarının nümayəndələri  ”Bakı” futbol klubunun təlim-məşq bazasında yaradılan ideal şərait və personalın diqqtə və qayğısını dəfələrlə qeyd etmiş, bütün bunlara görə klubumuzun rəhbərliyinə təşəkkürlərini bildirmişlər. Dünya çempionatının iştirakçıları onların sevimli məkanına çevrilən bazada 35 gün ərzində hərəsi iki saat olmaqla cəmi 68 məşq keçirmişlər.  

photo photo